Hüquqi məlumat

İstifadə Şərtləri və Qaydalar

TRONİ Mobile və ya web sayt

1. Ümumi müddəalar

1.1 Hazırkı istifadə Şərtləri və Qaydalar TRONİ Mobile və web sayt (bundan sonra – "Rəqəmsal tətbiq") adlı mobil tətbiqdən, web saytdan və ya rəqəmsal platformadan istifadə edən bütün şəxslərə şamil edilir.

1.2 Rəqəmsal tətbiqdən istifadə etməklə Siz hazırkı Şərtləri və Qaydaları, eləcə də "Troni İnvestisiya Şirkəti" QSC-nin (bundan sonra – "Şirkət") tariflərini, komissiya haqlarını və müvafiq daxili Siyasətlərini qəbul etmiş sayılırsınız.

1.3 Hazırkı Şərtlər və Qaydalar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq tənzimlənir.

2. Şirkətə dair məlumatlar

Şirkət – "Troni İnvestisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyəti.

Lisenziya verilmə tarixi və nömrəsi: 24.12.2021, İŞ-08.

Hüquqi ünvan: AZ1072, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küç., ev 13B, mənzil 33.

Əlaqə: (+994 10) 256 78 56

İstifadəçi – Tətbiqdə qeydiyyatdan keçmiş, hazırkı Şərtləri və Qaydaları qəbul etmiş fiziki və ya hüquqi şəxs.

3. Anlayışlar

  • "Rəqəmsal tətbiq" – Şirkətə gəlmədən, onlayn rejimdə məsafədən qiymətli kağızlar və ya törəmə maliyyə alətləri üzrə əməliyyatların aparılmasına dair Şirkət tərəfindən təqdim olunan mobil tətbiq, internet saytı və digər elektron platformalar.
  • "Müştəri" – qiymətli kağızlar və ya törəmə maliyyə alətləri üzrə xidmətlərin alınmasına dair "Rəqəmsal tətbiq"dən qeydiyyatdan keçmiş, habelə müqavilə bağlamış fiziki və ya hüquqi şəxs.
  • "Daimi parol" – Tətbiqə giriş üçün İstifadəçi tərəfindən yaradılan məxfi parol.
  • "Asan İmza" – e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün sizin mobil identifikasiyanızdır.
  • "Elektron sənəd" – elektron formada, o cümlədən mətn, səs, görüntü və ya audio-görüntü formasında saxlanılan kontent.
  • "Müştəri aktivləri" – müştəriyə məxsus olan, investisiya şirkətinin və ya bankın daxili uçot sistemində qeydiyyata alınan qiymətli kağızlar, törəmə maliyyə alətləri və ya pul.
  • "Elektron imza" – digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər.
  • "SİMA İmza" – bulud, açıq açar və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil gücləndirilmiş rəqəmsal imzadır.
  • "Depo hesabı" – mərkəzi depozitarın üzvünün müraciəti əsasında müştəri üçün mərkəzi depozitarda açılmış və özündə müştərinin qiymətli kağızlarına olan hüquqlara dair qeydləri əks etdirən hesab.
  • "Müştəri sifarişi" – Müştərinin və ya onun səlahiyyətli nümayəndəsinin qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatların həyata keçirilməsi məqsədilə investisiya şirkətinə normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada təqdim etdiyi sifariş.
  • "Texniki overdraft" – ödəniş və/və ya əməliyyatlar üzrə məbləğlərin hesabda olan qalıq məbləği üstələməsi nəticəsində yaranmış icazəsiz borc.

4. Qeydiyyat, tətbiqdən istifadə

"İstifadəçi" Rəqəmsal tətbiqlərdə Şirkətin müəyyən etdiyi prosedurlara uyğun qeydiyyatdan keçə bilər. Qeydiyyat zamanı yalnız istifadəçinin özünə məxsus məlumatlardan və təsdiq vasitələrindən istifadə olunmalıdır. İstifadəçi qeydiyyatdan keçilən zaman və ya qeydiyyatdan keçdikdən sonra loqin məlumatlarını (birdəfəlik parol, daimi parol və sair) üçüncü şəxslərdən əlçatmaz yerdə saxlamağı və başqa şəxslərə ötürməməyi öhdəsinə götürür. İstifadəçi Rəqəmsal tətbiqlərdə səhv istifadə zamanı yaranan hər hansı problemə görə məsuliyyət daşıyır.

İstifadəçi birdəfəlik parolun, daimi parolun oğurlanması şübhəsi halında dərhal Şirkətlə əlaqə saxlamağa və yeni parol əldə etməyə borcludur. İstifadəçi rəqəmsal tətbiqlərə daxil edilmiş məlumatların bütövlüyünə, düzgünlüyünə və bununla bağlı bütün risklərə görə tam məsuliyyət daşıyır.

İstifadəçi qəbul edir ki, Şirkət İstifadəçinin istənilən hesabını və ya hesab növünü rəqəmsal tətbiq xidmətinə qoşmaqdan, habelə rəqəmsal tətbiq vasitəsilə istifadəçinin hər hansı əməliyyatını həyata keçirməkdən imtina etmək hüququnu özündə saxlayır.

İstifadəçi Şirkətin qaydalarına və Rəqəmsal tətbiq qaydalarına birtərəfli qaydada dəyişiklik etmək hüququnu qəbul edir və təsdiq edir.

Şirkətin razılığı olmadan hesabdakı vəsaitdən artıq vəsaitin istifadə edilməsi (Limitin aşılması) "Texniki overdraft" hesab olunur.

Yaranmış "Texniki overdraft"a görə pul vəsaitlərini Şirkət hesablanmış faizləri ilə birlikdə (illik 20 faiz olmaqla) geri qaytarılmasını tələb edə bilər.

İstifadəçi tərəfindən rəqəmsal tətbiq vasitəsilə həyata keçirilən əməliyyatlar üçün Şirkətə təqdim edilən elektron sifarişlər və ya tapşırıqlar Şirkətin İstifadəçi hesabları üzrə əməliyyatlar həyata keçirməsi üçün əsasdır.

5. Funksionallıqlar

Rəqəmsal tətbiqlərdə digər saytlara keçidlər (bağlantılar) ola bilər. Siz üçüncü tərəfin keçidini klikləsəniz həmin sayta yönləndiriləcəksiniz. Bildiririk ki, həmin kənar saytlar bizim tərəfimizdən idarə edilmir. Buna görə də həmin saytların məxfilik siyasətlərini nəzərdən keçirməyinizi qəti şəkildə tövsiyə edirik. Üçüncü tərəflərin saytlarının və ya xidmətlərinin məzmunu, məxfilik siyasəti, qaydaları üzərində nəzarətimiz yoxdur və bununla bağlı baş verənlərə görə Şirkət olaraq məsuliyyət daşımırıq.

Rəqəmsal tətbiqlərdən istifadəni optimallaşdırmaq və rahatlaşdırmaq, həmçinin Sizə daha yaxşı xidmət göstərmək üçün Rəqəmsal tətbiqlərə giriş icazələrinin məqsədlərini və sayını dəyişdirə, habelə müxtəlif məzmunlu bildirişlər göndərmək, sorğular keçirmək məqsədilə bu və ya digər başqa məlumatlara da giriş icazəsi tələb edə bilərik.

6. Xidmət haqqı

Rəqəmsal tətbiqlərdə aparılan əməliyyatlara görə Şirkət tərəfindən xidmət haqqı tutulur. Xidmət haqqı qiymətli kağızlarla aparılan əməliyyatların növündən asılı olaraq Şirkətin tarifləri ilə müəyyən edilir. Xidmət haqqının tutulması üçün İstifadəçinin hesabında kifayət qədər vəsait olmadıqda əməliyyatın aparılması Rəqəmsal tətbiq tərəfindən dayandırıla bilər. Bu halda İstifadəçi hesaba əlavə pul mədaxil edə və ya əməliyyatın aparılmasından imtina edə bilər.

Şirkət tarifləri birtərəfli qaydada dəyişdirə bilər və dəyişikliklər Şirkətin internet səhifəsində və ya Rəqəmsal tətbiqdə yerləşdirildiyi andan qüvvəyə minir. Göstərilən xidmətlər üçün tutulan haqların tarif dərəcələri Şirkət tərəfindən müəyyən edilir və bu haqlar Müştərinin hesabından və ya Şirkətin bank hesabına müştəri tərəfindən köçürülmüş vəsaitdən akseptsiz qaydada silinir.

7. Rəqəmsal tətbiqdən 3-cü şəxsin istifadəsi

İstifadəçi razılaşır ki, rəqəmsal tətbiqdən yalnız özü istifadə etməli və öz adından 3-cü şəxslərin istifadəsinə yol verməməlidir. İstifadəçi 3-cü şəxsə öz adından rəqəmsal tətbiqə daxil olmanı və əməliyyatların aparılmasını həvalə etdikdə 3-cü şəxs hazırkı istifadə şərtlərini və qaydalarını avtomatik olaraq qəbul etmiş hesab edilir. İstifadəçi razılaşır ki, onun adından 3-cü şəxslərin apardığı hər hansı əməliyyatlara və əməliyyatların nəticələrinə görə İstifadəçi məsuliyyət daşıyır.

8. Elektron qaydada imzalanmış sənədlərin hüquqi qüvvəsi

Rəqəmsal tətbiq vasitəsilə təsdiqlənmiş elektron sənədlər və əməliyyatlar kağız daşıyıcıda imzalanmış müvafiq sənədlərlə eyni hüquqi qüvvəyə malikdir.

9. Məsuliyyət

Şirkət İstifadəçinin və ya 3-cü şəxslərin rəqəmsal tətbiqdə apardıqları əməliyyatların nəticəsində İstifadəçiyə dəymiş ziyana və ya zərərə görə (Şirkətin səhvi nəticəsində dəymiş ziyan istisna olmaqla) məsuliyyət daşımır. Şirkət rəqəmsal tətbiqə girişin maneəsiz olacağına və ya yubanma, yaxud problem olmayacağına zəmanət vermir. İstifadəçi razılaşır ki, Şirkət rəqəmsal tətbiq vasitəsilə göstərdiyi elektron əməliyyatların və xidmətlərin nəticələrinə hər hansı zəmanət vermir.

10. Xitam, şərtlərdə və Qaydalarda dəyişiklik

Şirkət rəqəmsal tətbiq vasitəsilə müqavilələrə xitam barədə, habelə şərtlərdə və qaydalarda dəyişiklik barədə Sizə bildiriş təqdim edə bilər.

Şirkət aşağıdakı hallardan biri və ya bir neçəsi olduqda dərhal müqavilələrə xitam verə, əməliyyatların icrasını dayandıra bilər və ya məhdudlaşdıra bilər:

  • Əgər İstifadəçi bu qayda və şərtləri kobud surətdə pozarsa;
  • İstifadəçinin qeyri-adi və ya cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorizmin maliyyələşdirilməsi baxımından şübhəli əməliyyatlarını müəyyən etdikdə və ya bu barədə Şirkətdə əsaslı şübhələr olduqda, habelə Müştərinin Uyğunluğu Tədbirləri qaydasına uyğun olaraq əlavə sənədlər tələb etdikdə və həmin sənədlər vaxtında və lazımi qaydada Şirkətə təqdim edilmədikdə;
  • Rəqəmsal tətbiqdən 3-cü şəxslərin istifadə etməsi barədə Şirkətdə əsaslı şübhələr olduqda;
  • Mobil cihazınız və əməliyyat sisteminiz Rəqəmsal tətbiqi dəstəkləmədikdə.

Əlaqə

Hazırkı istifadə Şərtləri və Qaydaları ilə bağlı suallarınız və ya müraciətləriniz üçün Şirkətlə aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz:

  • Ünvan: Baku, Azerbaijan Koroghlu Rahimov 13B AZ1072
  • Telefon: (+994 10) 256 78 56
  • E-poçt: [email protected]
  • Veb-sayt: troni.az

© 2026, Troni İnvestisiya Şirkəti. Bütün hüquqlar qorunur.